Prezidentlər İlham Əliyev və Vladimir Putinin oktyabrın 9-da Düşənbədə reallaşan görüşü Azərbaycan-Rusiya münasibətlərində gərginliyin aradan qaldırılmasını ehtiva edən mühüm hadisə kimi dəyərləndirilməklə yanaşı, bu gün də diqqətlə izlənir. Rusiya Prezidentinin Azərbaycanın dövlət başçısı ilə görüşündə Azərbaycana məxsus mülki təyyarə olayı ilə bağlı açıqlamaları yeni mərhələnin başlanğıcı sayılır. Məlum olduğu kimi, Azərbaycan Prezidenti oktyabrın 23-24-də Kazanda keçiriləcək BRICS tədbirlərində iştirak etmək üçün Rusiya Prezidentinin dəvətini qəbul edib.
Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Zabelin Mixail Yuryeviçdir:
- Rusiya və Azərbaycan Prezidentlərinin son görüşünü necə dəyərləndirirsiniz?
- Biz bu görüşü çoxdan gözləyirdik. Son aylarda Azərbaycan–Rusiya arasındakı vəziyyət qeyri-müəyyən idi. Hər iki ölkədə yaşayan və hər zaman Azərbaycan–Rusiya münasibətlərinin yaxşı olmasını arzu edən insanlarımız bu gərginliyin daha geniş və kəskin mərhələyə keçməsindən narahat idilər. Sözsüz ki, Rusiya və Azərbaycan hər zaman yaxın qonşu, birlikdə müəyyən tarixi yaşamış ölkələrdir. Ölkələrimiz arasında sərhədlər olsa da, bizi bir-birimizə bağlayan çox məsələlər var.
Azərbaycanda böyük rus diasporası fəaliyyət göstərir. Onlar Azərbaycan vətəndaşlarıdır və bu ölkəni sevirlər. Eləcə də Rusiyada da xeyli sayda azərbaycanlı yaşayır. Təbii ki, onlar da iki dost, qonşu ölkə arasında mehriban, səmimi əlaqələrin qurulmasını istəyirlər. Ona görə də hesab edirik ki, fikirayrılıqlarına baxmayaraq, Rusiya Prezidentinin Azərbaycan Prezidenti ilə görüşü mühüm hadisədir. Vladimir Putinin həmin görüşdə səsləndirdiyi fikirləri də çoxdan gözləyirdik və mən bunu bütün çıxışlarımda, müsahibələrimdə də demişəm.
- Bu olaylar iki ölkə arasında münasibətlərin inkişafını istəməyənləri açıq şəkildə üzə çıxardı...
- Elə qüvvələr var ki, iki dövlət arasında münasibətlərin gərgin qalmasına, normal məcrada inkişaf etməsinə maneə yaratmağa çalışırlar. Amma Prezident Putin və Prezident İlham Əliyev arasında Düşənbədə baş tutan görüş bizdə münasibətlərin bərpa olunacağına dair inam yaradır.
Vladimir Putin görüş zamanı iqtisadi, sosial sahədə qarşılıqlı faydalı əməkdaşlığın zəruri olduğunu və davam etdirilməsini söyləməklə mühüm mesajlar vermiş oldu. Ona görə də hesab edirəm, münasibətlərimiz getdikcə aydınlaşacaq, düzələcək. Rusiya, nəhayət, sakitləşəcək və Azərbaycan diasporası normal fəaliyyətinə, yaşamına dönəcək. Biz - Azərbaycanda fəaliyyət göstərən rus icması, ruslar heç vaxt burada hər hansı mənfi, arzuolunmayan münasibətləri hiss etməmişik. Azərbaycanı hər zaman öz doğma Vətənimiz kimi görmüşük, hiss etmişik və daim dövlət tərəfindən diqqətlə qarşılanmışıq. Bizim rus icması azərbaycanlı qardaşları ilə birlikdə bu torpaqlar uğrunda döyüşüb, onun müdafiəsinə qalxıb. Azərbaycan bizim üçün doğma dövlətdir, vətəndir.
- Rusiya mətbuatında Solovyov, Simonyan, Zatulin kimiləri daim Azərbaycana qarşı qərəzli çıxışlar edirlər. Bu cür çıxışlara nə vaxt son qoyulacaq?
- Mən onları dinləməmişəm. Sadəcə vəziyyəti, eləcə də Ermənistanın Azərbaycana qarşı mövqeyini yaxşı bilirəm. Ermənistanda Azərbaycanla Rusiya arasında münasibətlərin gərgin həddə çatmasına çalışan qüvvələr var. Hərdən mətbuatda Azərbaycana qarşı müəyyən xoş olmayan məlumatların yayıldığını müşahidə edirəm. Təbii ki, bütün bunların hamısı feyk məlumatlardır. Qarabağ zəfəri və aparılan bərpa prosesindən sonra mövqeyimiz Ermənistandan güclüdür. Orada da elə ağıllı başlar var ki, Azərbaycanla dostluq etməyin onlara çox xeyir gətirəcəyini dərk edirlər. Təəssüflər olsun, bəziləri revanş götürməyə çalışır. Düşünürəm, onlar buna nail ola bilməyəcəklər. Əlbəttə ki, İrəvanda Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmaq istəyən qüvvələr mövcuddur. Biz gözəl başa düşürük ki, mətbuatda bir çox aqressiv və qərəzli çıxışlar iki dövlət arasındakı münasibətləri alovlandırmağa yönəlib. 9 Oktyabr Düşənbə görüşü yeni əlaqələrin başlanğıcı olacaq. Rusiya və Azərbaycan prezidentləri dərin düşüncəyə malik siyasətçilərdir və bilirlər ki, iki qonşu dövlət arasında gərginlik heç kəsə xeyir verməyəcək. Ona görə də bundan sonra Rusiya–Azərbaycan münasibətlərinin müsbət yöndə yüksəlişinə ümid edirik.
Azərbaycan Prezidentinin Kazanda keçiriləcək tədbirə dəvət edilməsi və bu dəvətin qəbul olunması bu yöndə atılan növbəti müsbət addımdır.